9 aylıq uşağın qidalanması
9 aylıq uşağın qidalanması
9 aylıq uşağın cürbəcür qidalara ehtiyacı var. İndi o ana südü əmsə də, əlavə qidalara olan ehtiyacını ödəmək üçün daha da fərqli qidalarla qidalanmaq istəyir. Hər nə yeməyindən asılı olmayaraq 9 aylığında da uşağın ana südü ilə qidalanmasında fayda var. Mütəxəssislər ana südünün ən azı yaş yarımına kini əmilməsinin uşağın həyatı üçün çox faydalı olduğunu söyləyirlər. Çünki ana südünün tərkibində olan qiymətli elementlərin uşağın həyatı üçün faydası əvəzolunmazdır. Həm də ana südü uşağın anasına bağlanması üçün ən incə bağ hesab edilir.
9 aylı uşağın qida rasionunda ət mütləq olmalıdır. Çünki ətin tərkibində uşağın orqanizmi üçün lazım olan vitaminlər, zülal və dəmir var. Əti uşağın qida rasionuna daxil edərkən ehtiyatla davranmaq lazımdır. Əgər uşaq ət yeməkdən imtina edirsə, o zaman onu yeməyə məcbur eləmək olmaz. Əti uşaq püre şəklində yemək istəmədikdə o zaman ət bulyonunda bişmiş düyü ilə onu əvəz eləmək mümkündür. Bu yaşda dana ətinə allergiya verən uşaqların qida rasionundakı əti quzu əti ilə əvəz eləmək olar.9 aylıq uşağa əti maşından keçirdikdən sonra bişirilmiş şəkildə yedirmək olar. Bu zaman gün ərzində yarım çay qaşığı ətdən başlayaraq normanı 3 çay qaşığına qədər qaldırmaq olar.
9 aylıq uşağa böyüklərin yediyi yerli meyvələrin hamısından vermək olar. Amma hər yeni meyvə və ya qida verilən zaman uşağın bağırsaq fəaliyyətinə nəzarət etmək lazımdır. Bu yaşda uşağa marketlərdə satılan patogen mənşəli qidalar vermək olmaz. 9 aylıq uşağın püresinə zeytun, günəbaxan və ya qarğıdalı yağı əlavə etmək olar.
Bu yaşda uşağın əlinə suxari, peçenye və s. verib onu qidanı ağıza aparmağın yolunu öyrətmək lazımdır. 9 aylıq uşaq artıq qidanı öz əlləri ilə ağzına aparmağı bilməlidir. Artıq onun əlinə qaşıq verməyin vaxtı çatıb.
Allergiyadan əziyyət çəkməyən uşaqlara az miqdarda balıq vermək olar. 9 ayından başlayaraq uşağa yumurtanın ağını vermək olur. Bu zaman isə ilk dəfə suda bişmiş yumurtanın ağının 1/4-ü vermək sonrakı günlərdə isə bağırsaqlara nəzarət etmək lazımdır. Yanlız 1 yaşı bitmiş uşaq bütöv suda bişmiş yumurtanı yeyə bilər.
Mütəxəssislər bu yaşda uşaq üçün ən yaxşı səhər yeməyinin yulaf həlimi olduğunu söyləyirlər.
Körpənizin qida rasionunu nə qədər rəngarəng etsəniz də onu gündə 2 dəfə ana südü ilə qidalandırmağı unutmayın. Yadda saxlamaq lazımdır ki, ana südü uşağın immunitetini artırmaqla yanaşı uşağı anasına bağlayaraq onu psixoloji cəhətdən qoruyur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"9 aylıq uşağın qidalanması" haqqında müzakirə