Xroniki ağ ciyər ürəyi
Xroniki ağ ciyər ürəyi
Tənəffüs çatışmazlığına səbəb olan,ağ ciyər funksiyasını pozan xəstəliklərin nəticəsində inkişaf edən və ağ ciyər hipertenziyası hesabına sağ mədəciyin ikincili böyüməsinə səbəb olan xəstəlik ağ ciyər ürəyi adlanır.Ağ ciyər ürəyi yalnız ağ ciyər xəstəlikləri zamanı deyil,döş qəfəsinin skelet, əzələ - sinir və tənəffüs mərkəzinin zədələnməsi nəticəsində də əmələ gəlir.
Ürək damar xəstəliklərinin 10%-i ağ ciyər ürəyini payına düşür.Xəstəliyə 50 yaşdan yuxarı kişilərdə daha çox rast gəlinir.
Ağ ciyər ürəyinin əmələ gəlməsinə aşağıdakı xəstəliklər səbəb olur:
* ağ ciyər arteriyasının tromboemboliyası
* pnevmatoraks
* massiv plevritlər
* asmatik status
* pnevmoskleroz
* ağ ciyər fibrozu
* pnevmoniya
* müxtəlif ağ ciyər zədələnmələri
* bronxhektaziya
* bronxial astma
* traxeyanın stenozu
* vaskulitlər
* tənəfüs mərkəzinin pozulmaları
* uzun müddət yüksəkdə yaşamaq
* piylənmə və s.
Xəstəlik kəskin və xroniki olur. Kəskin ağ ciyər ürəyi ağ ciyər arteriyası hipertenziyasının və sağ mədəcik hipertrofiyasının tədricən və ləng inkişafı ilə xarakterizə olunur. Ağ ciyər şaxəsinin tromboemboliyası kəskin ağ ciyər ürəyinin ən çox təsadüf edilən səbəbidir.Xəstəliyin gedişi sağ mədəciyin sistolik disfunksiyası və sağ mədəcik çatışmazlığı ilə özünü göstərir.
Ağ ciyər ürəyi zamanı xəstələrdə aşağıdakı əlamətlər olur:
- hiperkapniya və asidoz
- ağ ciyərin damar yatağında anatomik dəyişikliklər
- bronxial keçiricilik pozğunluqları
- tənəffüs çatışmazlığı səbəbli eritrositoz
- taxikardiya
- natrium ionlarının və suyun orqanizmdə ləngiməsi
Xəstənin şikayətləri əsasən fiziki iş zamanı ürəkdöyünmənin artması və təngnəfəslikdən olur. Xəstələrin sol döş sümüyünün arxasında ağrılar baş verir, xəstələrdə yorğunluq,əzginlik,aşağı ətraflarda ağırlıq hissinin olması kimi patologiyalar üzə çıxır,ödem əmələ gəlir.Xəstələr əksər hallarda sağ qabırğaaltı nahiyədə ağırlıq hissinin olmasından şikayətlənirlər.
Diaqnoz qoyulan zaman xəstənin dəri örtüyünün rəngi,qarın boşluğu üzvlərinin vəziyyəti,ürək və ağ ciyər damarlarının müayinəsinin nəticələri nəzərə alınır.Xəstəyə EKQ və exokardioqrafiya,rentgen ,USM edilir,laborator analizlər yoxlanılır.
Müalicə zamanı oksigenoterapiyadan,süni tənəffüs metodlarından,antibiotiklərdən,bəlğəmgətiricilərdən,trombəleyhinə dərman preparatlarından,trombositlərin aqressiyası əleyhinə vasitələrdən istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xroniki ağ ciyər ürəyi" haqqında müzakirə