Sidik ifrazının pozulmaları
Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin pozulması ilə xarakterizə olunur.
Diurez.
Müəyyən miqdar ifraz olunan sidiyin miqdarına diurez deyilir .Ona görə də həmişə diurez sözündən əvvəl vaxt göstərilir. Sağlam adam gün ərzində 1,5 litir sidik ifraz edir.
Poliuriya.
Gündəlik diurez 2 litrdən çox olduqda poliuriya adlanır. Poliuriya böyrək və ya qeyri böyrək mənşəli ola bilir. Böyrək mənşəli poliuriya adətən sidiyin nisbi sıxlığının azalması ilə gedir və çox ağır böyrək xəstəliklərində müşahidə olunur. Bu xəstəliklərə pielonefrit, qlomerulonefritin son mərhələsi, böyrək çatışmazlığı aiddir. Böyrək xəstəlikləri zamanı baş verən poliuriya böyrəklərin ağır zədələnməsinə dəlalət edir.
Qeyri-böyrək mənşəli poliuriya çoxlu miqdarda maye qəbul edildiyi zaman baş verir. Şəkərli diabet zamanı poliuriya sidiyin nisbi sıxlığının artması ilə müşayət olunur.
Oliquriya.
Sidiyin gündəlik miqdarının 500 ml-dən az olması oliquriya adlanır. Böyrək mənşəli oliquriya kəskin qlomerulonefritdə, kəskin böyrək çatışmazlığının oliqoanuriya mərhələsində baş verir.
Qeyri-böyrək mənşəli oliquriya az maye qəbul etdikdə, quru, isti yerdə çox olduqda, həddən artıq tərlədikdə, qusduqda və ishal zamanı, ürək çatışmazlığının bəzi mərhələlərində aşkar edilir.
Anuriya.
Gündəlik sidiyin 50 ml-dən az olması anuriya adlanır. Anuriya sidiyin yuxarı sidik yollarından sidik kisəsinə daxil olmasının kəsilməsi kimi başa düşülməlidir. Anuriya bir neçə gün davam edərsə, xəstənin uremiya nəticəsində ölümünə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidik ifrazının pozulmaları" haqqında müzakirə