Bildirçin yumurtasının faydaları

  • Müəllif: elnare
  • Tarix: 2 may 2018
  • Baxış sayı: 4 727
  • 0 rəy

Bildirçin yumurtası dietik qidalardan hesab edilir. Bildirçin yumurtasını əsasən uşaqların qida rasionuna daxil edirlər. Bunun səbəbi isə bildirçin yumurtasının müxtəlif yaş dövrlərində uşağın fiziki və zehni inkişafına müsbət təsir etməsidir. Bu yumurtanın tərkibində olanlar uşaq orqanizminin xəstəliklərə qarşı olan dözümlülüyünü artırır. Bildirçin yumurtasının rəngi açıq qəhvəyi və üstü tünd ləkələrlə örtülmüş olur. Bu yumurtanın çəkisi 10-12 qramdır. Bildirçin yumurtasının orqanizmə faydası Qədim Misir dövründən məlumdur. Onun faydaları barədə yapon alimləri araşdırmalar aparmış və öyrəndiklərini məqalələrində qeyd etmişdir. Bildirçin yumurtasının çiy, suda bişmiş, qızardılmış halından istifadə edilir. Ondan müxtəlif şirniyyatların hazırlanması zamanı da istifadə edirlər. Bildirçin yumurtası yemək insanların yaşlarından asılı olaraq müxtəlif normalarda olmalıdır. 1-3 yaşlı uşaqlara gün ərzində 1-2, 3-10 yaşlı uşaqlara 3 ,  10-18 yaşlılara 4, 18-50 yaşlı adamlara 5-6 , 50 yaşdan yuxarı adamlara isə gün ərzində 4-5 ədəd bildirçin yumurtası yemək norma sayılır. Bildirçin yumurtası yeməyin orqanizmə faydası onu iki həftə yedikdən sonra özünü göstərir. Ondan faydalanmaq üçün isə iki həftə ərzində davamlı olaraq hər gün bildirçin yumurtası yemək lazımdır. Əks halda onu yeməyin effekti olmur. Orqanizm üçün ən faydalı bildirçin yumurtasını çiy halda yeməkdir. Lakin, bu zaman sağlam bildirçinin yumurtasını almaq lazımdır. Bildirçin yumurtası alarkən onun termiki işlənməsinə və saxlanmasına da diqqət yetirmək lazımdır. Yumurtanın lazım olan qaydada saxlanılması onun keyfiyyətli qalmasına səbəb olur. Onu suda 15 dəqiqədən çox bişirmək olmaz. Uzun müddət bişirilmə prosesi bildirçin yumurtasının tərkibində olan vitamin, amin turşuları və mineralların tərkibinin pozulmasına səbəb olur.
100 qram bildirçin yumurtasının qida dəyəri
- Zülallar – 11,9 qr
- Yağlar – 13,1 qr
- Karbohidratlar – 0,6 qr
- Su – 73,2 qr
- Kalori – 168 kKal.
Bildirçin yumurtasının tərkibində müxtəlif qidalandırıcı maddələr, A, B1, B2, PP vitaminləri, dəmir, fosfor, kolbat, kalium, kalsium, əvəzolunmaz amin turşuları(treonin, tirozin, qlisin, lizosin, histidin və s.) var. Bildirçin yumurtasının tərklibində ola lizosin bağırsağın mikroflorasını yaxşılaşdırır, tirozin dərinin sağlamlaşdırır, möhkəmləndirir və onun rənginin gözəlləşməsinə səbəb olur. Bu yumurtanın ən yaxşı xüsusiyyəti onun orqanizm üçün heç bir mənfi təsirinin olmamasıdır. Bildirçin yumurtasından qastrit, mədə-bağırsaq yarası, maddələr mübadiləsinin pozğunluqları, həzm sistemi pozğunluqları, pnevmoniya, astma, vərəm, bronxit, təzyiqin aşağı olması, anemiya, ürək xəstəlikləri, göz xəstəlikləri, sidik sistemi üzvlərinin xəstəlikləri, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri zamanı istifadə edilir. Bildirçin yumurtası zehni inkişafı, yaddaşı sürətləndirir, diqqətin toplanmasına yardım edir, sinir və immun sistemi möhkəmləndirir. O uşaqlarda boyun inkişaf etməsinə yardım edir. Hamilə qadınlara bildirçin yumurtası yemək hamiləlik patologiyalarının baş verməsinin qarşısını alır, dişlərin, sümüklərin möhkəmlənməsinə yardım edir. Bildirçin yumurtası yaşlı adamların qanında olan xolesterinin təmizlənməsinə səbəb olur və damarlarda yığılıb qalan piy artıqlarının əriməsinə səbəb olur.
Bildirçin yumurtasının tərkibində olan maddələr radionuklidlərin orqanizmdən xaric olunmasına, xərçəng müalicəsi səbəbindən orqanizmdə toplanan kimyəvi maddələrin təmizlənməsinə səbəb olur, qandan radioaktiv maddələri təmizləyir.  Raxitin, hipokalsemiyanın müalicəsi məqsədilə bildirçin yumurtasının qabığından istifadə edilir. Bu məqsədlə yumurta 5 dəqiqə qaynadılır, sonra 1 gün sirkədə saxlanılır, soyuq suda yuyulub qurudulduqdan sonra qəhvəüyüdən maşında üyüdülür. Əldə olunan toz şəklinə düşmüş yumurta qabığı gündə 1 dəfə 1 çay qaşığı olmaqla qəbul edilir. 10 yaşına qədər olan uşaqlara və yaşlılara isə gündə 1 dəfə olmaqla 0,5 qaşıq qəbul eləmək məsləhət görülür.
Bildirçin yumurtası dəriyə tonuslandırıcı və möhkəmləndirici təsir bağışlayır. Quru dəriyə yumurta sarısı ilə bitki yağı qarışımından hazırlanan maska sürtmək dərinin elastikliyinin artmasına və təravətlənməsinə səbəb olur. Bunun üçün gündə bir-neçə dəfə qarışımı massaj edərək dəriyə sürtmək və 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazımdır. Bildirçin yumurtası, bitkin yağı və bal qarışımı isə saçların möhkəmlənməsinə, saçqıranların aradan qalxmasına, saçların parıldamasına səbəb olur. Qarışımı hazırlamaq üçün 3-4 bildirçin yumurtası, 100 ml bitki yağı və 2 xörək qaşığı bal ghötürülür. Bu məqsədlə maska saçlara yaxılır, saçlar polietilen paketlə örtülür və isti dəsmalla bükülür. Bir saat sonra isə saçlar yuyulur və qurudulur.
Bildirçin yumurtasının zərərli xüsusiyyətləri
Salmonella xəstəliyinə yoluxmuş bildirçinin yumurtası yaxşı bişirilmədiyi zaman orqanizmi salmonella mikrobuna yoluxdura bilir.
Qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər bildirçin əti yedikdə diqqətli olmalıdırlar.  Orqanizmi tərəfindən zülalın sorulma prosesi normal olmayan xəstələrə və sidiyində zülalı çox olanlara bildirçin yumurtası yemək məsləhət görülmür. Həddindən çox bildirçin yumurtası yemək həzmsizliyə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bildirçin yumurtasının faydaları" haqqında müzakirə