Hormonların təbabətdə tətbiqi
Hormonal preparatların təbabətdə tətbiqi hormonoterapiya adlanır. Müasir təbabətdə təbii hormonal preparatlardan və onların sintetik əvəzedicilərindən həm daxili sekresiya vəzilərinin xəstəlikləri, həm də digər orqan və sistemlərin patoloji prosesləri zamanı müalicə vasitəsi kimi geniş istifadə edilir.
Hormonoterapiyanın tarixi, daxili sekresiya vəzilərinin funksiyasının öyrənilməsi və hormonal preparatların əldə edilməsinin inkişaf tarixi ilə başlayır.
Müasir hormonoterapiyanın əsasını adrenalin və insulinin kliniki praktikada tətbiq edilməsi ilə qoyulmuşdur. Onların tətbiqindən bir qədər sonra kortizon hormonunun tətbiqinə başlanmış, daha sonralar böyrəküstü vəzin beyin və qabıq maddəsinin hormonları istifadə edilmişdir. Hal-hazırda sadalanan hormonlarla birlikdə, qalxanabənzər və qalxanabənzər vəzətrafı vəzilərin, cinsiyyət vəzilərinin hormonlarından və onların sintetik əvəzedicilərindən istifadə edilir.
Müasir tibbdə istifadə edilən hormonoterapiya üsulları 2 qrupa bölünür:
1. Endokrin sistem xəstəliklərinin müalicəsində hormonların tətbiqi.
2. Endokrin sistemin funksiyası ilə əlaqədar olmayan xəstəliklərin müalicəsində hormonların tətbiqi.
Endokrin sistem xəstəlikləri zaman hormonoterapiya əvəzedici, stimulyasiyaedici və tormozlayıcı terapiya üsullarından ibarətdir.
Hormonlar bu və ya digər endokrin vəzisinin funksiyası zəiflədikdə və ya tamamilə dayandıqda əmələ gələn xəstəlikləri aradan qaldırmaq üçün orqanizmə yeridilir. Belə hallarda ekzogen mənşəli hormon orqanizmin özündə sintez edilməli olan hormonun yerini tutur. Bu müalicə üsulu əvəzedici müalicə üsulu adlanır. Miksödem və kretinizm xəstəliklərinin tiroid hormonları ilə, şəkərli diabetin insulinlə, şəkərsiz diabetin antidiuretik hormonla, Addison xəstəliyinin kortikosteroidlərlə müalicəsi əvəzedici hormonoterapiyaya misal ola bilər.
Bəzi hormon preparatları var ki, onlar stimulıyasiya etmək məqsədilə istifadə edilir. Belə müalicə stimulyasiyaedici hormonal terapiya adlanır.
İnsulin hormonundan şizofreniya, depressiv psixoz xəstəliklərinin müalicəsində istifadə olunur. Ürəyin zəifləməsi zamanı, qanaxmalarda, bronxial astma tutması kimi xəstəliklər zamanı xəstəyə yardım məqsədilə adrenalindən istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hormonların təbabətdə tətbiqi" haqqında müzakirə