Zirinc (Lat. Berberis) və faydaları
Zirinc Antaraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krınmda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır.
Necə toplamalı
Zirinci yanlız tam dəymiş halda toplamaq və istifadə etmək lazımdır. Yetişməmiş zirinc zəhərli təsirə malik olur.
Necə saxlamalı
Zirinci quruducu şkafda 40-50*C tempraturda qurutmaq lazımdır. Qurumuş zirinci 3 il saxlamaq mümkündür. Bu zaman meyvələr kağız və ya parça torbanın içərisində saxlanılır. Onu eyni miqdarda şəkər tozu ilə də qarışdırıb saxlamaq mümkündür. Bəzən zirinci duzlu suda da saxlayanlar olur. Bu zaman isə zirinc soyuq yerdə saxlanılmalıdır.
Kulinariyada
Kulinariyada ziricdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir. Bəzi Qafqaz regionlarında ondan plovların bişirilməsi zamanı istifadə olunur. Zirinc balverən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı-sarı olur və dadı fərqlənir. Zirincdən müxtəlif marinadların hazırlanmasında da istifadə olunur.
Zirinc kökünü qaynadıb saçları boyadıqda saçlar davamlı və keyfiyyətli rəngə boyanmış olur.
100 qram zirincin qida dəyəri:
- Zülallar – 1 qr
- Yağlar - 0
- Karbohidratlar – 9,5 qr
- Su – 85 qr
- Kalori – 29,5 kKal.
Zirincin faydalı xüsusiyyətləri
Zirincin tərkibində karotinoidlər(ksantofill, lütein,zeaksantin, xrizantemaksantin, auroksantin, flavoksantin, kalsantin və s.), karbohidratlar, dubil maddələr, pektin,təbii turşular, makro və mikro elementlər, beta-karotin var. Onun tərkibi C, E, K vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir.
Müalicəvi xüsusiyyətləri
Zirinc orqanizmə güclü müalicəvi təsir göstərir. Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb. MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, Iltihab əlehinə istifadə edilib. Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var.
Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür. Tibb sahəsində də ondan hazırlanan dərmanlardan istifadə olunur. Zirincdən berberin adlı dərman hazırlanır ki, bu dərman öd daşı və xolisistit zaman qəbul edilir. Berberini Hind həkimləri leyşmaniozdan əziyyət çəkən xəstələrə təyin edirlər. Müasir tibbdə zirincin spirtli məhlulundan hepatitlər zamanı istifadə edilir. Bu məhlulu ev şəraitində aşağıldakı qaydada hazırlamaq mümkündür:
30 qram zirinc yarpaqları 100 qram 70%-li spirtdə 15 gün sərin və qaranlıq yerdə saxlanılır. Bu zaman tünd sarı rəngdə maddə alınır. Maddənin turş dadı olur və ondan hepatitlər zamanı istifadə edilir.
Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir. Tərkibində zirinc kökü olan xolelitin preparatından öd daşı xəstəliyi, sarılıq, xolisistit zamanı geniş istifadə olunur.
Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər.
Almanlar zirincdən alınan cövhəri və ya zirincin meyvəsini mədə-bağırsaq sistemini xəstəlikləri və ağ ciyər xəstəlikləri zamanı qəbul edirlər.
Fransa həkimləri zirincin bakteriasid, hipotenziv və soyuqdəymə əleyhinə təsirə malik olmasına inanırlar.
Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Yuxarıda adları çəkilən xəstəliklərin əlamətlərini azaltmaq üçün bu çaydan gündə 2 dəfə qəbul etmək lazımdır. Çayı dəmləmək üçün 1 çay qaşığı zirinc və ya zirinc yarpaqlarını 200 ml qaynar suya salıb bir saat saxlamaq və sonra içmək lazımdır. Çay arzu edilən nəticə alınana qədər içilməlidir.
Zirincin zərərli xüsusiyyətləri
Zirinc əzələlərin aktivliyini artırır. Bu səbəbə görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Çünki, bu uşaqsalmaya səbəb ola bilər.
Sakitləşdirici qəbul edən zaman da zirinc dəmləmələrindən istifadə etmək tövsiyə edilmir. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş hərlənməsi, ürəkbulanma, qıcolma, burun qanamaları müşayət oluna bilər. Zirinc tərkibli dərmanları qara ciyərin sirroz xəstəliyi zamanı, ginekoloji qanaxmalarda, hepatitin ağır formalarında qəbul eləmək məsləhət görülmür
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Zirinc (Lat. Berberis) və faydaları" haqqında müzakirə