Çobanyastığı haqqında bilmədikləriniz.
Çobanyastığı haqqında ümumi məlumat
Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq arasında çobanyasığını kamila, mollabaşı çiçəyi kimi də tanıyırlar. Çobanyastığının elmi adı latın dilindən götürülmüşdür. Matriks latınca uşaqlıq deməkdir. Çobanyastığının isə ginekoloji xəstəliklər zamanı faydası çox olduğuna görə onun adı Matricaria adlandrılmışdır. Bu termini elmə Karl Linney salmışdır.Çobanyastığının elmə 25 növü məlumdur. Onlardan ən çox yayılmışı və istifadə ediləni isə aşağıdakılardır:
* Aptek çobanyastığı - ən çox Şimali Amerikada, Avrasiyada bitir. O yetişdirilmə sayəsində əmələ gəlir. Tərkibinə görə ən qiymətli dərman bitkilərindən hesab edilir. Onun tərkibindəki efir yağlarında xamazulen orqanizm üçün çox faydalıdır və tibbdə geniş isitfadə edilir.
* Amerika çobanyastığı - ən çox Amerikada bitir. Vətəni Amerika olsa da bəzi ölkələrə də yayılıb. Çobanyastığının bu növü güclü və təsirli qoxusu ilə məşhurdur və uzun illərdir ki, tibb sənayesində geniş istifadə olunur.
Dərman məqsədilə istifadə edilən bu çobanyastığı çiçəklərinin boyu 40-50 sm-ə qədər böyüyür, sürünən və zəif kökə sahibdir. Onların kök sistemləri zəif inkişaf edir və asanlıqla torpaqdan ayrılır. Çobanyastığının yarpaqları gövdənin əsasən aşağı hissəsində olur və hündürə qalxan budaqların baş hissəssində çiçəklər açır. Onun çiçəkləri səbətə oxşayır, ortası sarı rəngli, kənarları isə ağ, uzunsov ləçəklərlə dairəvi şəkildə qapanmış olur. Çobanyastığı may ayından çiçək açmağa başlayır. Çiçəklənmə avqust ayına kimi davam edir. Çobanyastığına açıq sahələrdə, düzənliklərdə, yol kənarlarında rast gəlmək mümkündür. O kök və toxum vasitəsilə çoxala bilir.Dərman vasitəsi kimi istifadə edilməsi üçün çobanyastığını xüsusi olaraq yetişdirirlər.
Çobanyastığından dərman vasitəsi kimi istifadə etmək üçün əsarlər boyu onu xüsusi olaraq yetişdiriblər.Onun vegetasiya dövrü 2 ay, ömrü isə 3-4 aydır. Çobanyastığı 3*C –dən yuxarı tempraturda asanlıqla yetişə bilən bitkidir. Onun toxumlarını yetişdirir və şitillərini əkməklə çoxaltmaq daha çox məhsuldarlığın əldə edilmsinə səbəb olur.
Yay aylarında uzun müddət yağışlar yağmasa çobanyastığı çiçəklərinin toplanması müalicəvi baxımdam daha yaxşı hesab edilir. Bu zaman çobanyastığı çiçklərinin 3 santimetrdən çox olmayan saplaqları il birlikdə toplayırlar. Çiçəklər qaranlıq və yaxşı ventilyasiya olan yerdə qurudulur. Çiçəklərin yaxşı quruması üçün onu kağızın və ya pambıq parçanın üstünə sərmək lazımdır.
Çobanyastığı Günəşin Yer üzündə kiçik nümayəndəsi hesab edilir. Bədii ədəbiyyatlarda çobanyastığı “ ovuc içində kiçik Günəş” kimi qiymətləndirirlir. Onun barədə Hans – Kristina Andersenin kədərli və poetik əsərindədə rast gəlmək mümkündür.
Qədim yunanlar çobanyastığına Günəş Allahının insanlara bəxş etdiyi hədiyyə kimi qiymətləndirmişlər.
Çobanyastığının Tərkibi
Bir stəkan (237qram) çobanyastığının tərkibində olanlar:- Su – 236 qr
- Karbohidratlar – 0,5 qr
- Zülallar - 0
- Yağlar – 0
- Kalori dəyəri – 1 kKal
- Kalium – 21,33 mq
- Kalsium – 4,74 mq
- Maqnium – 2,37 mq
- Dəmir – 0,19 mq
- Marqanes – 0,1 mq
- Sink – 0,09 mq.
Çobanyastığının tərkibində A, B5, B1, B2, B9 vitaminləri var.
Çobanyastığının Xeyri
Aptek çobanyastığı çiçəyi daxilə və xaricə tətbiq edilir. Ondan dəmləmələr və çaylara əlavə edilərək istifadə olunur. Çobanyastığı dəmləməsindən qarqara, kompres, imalə, yuyunma vasitəsi kimi də istifadə edilir. Müxtəlif qan xəstəliklərinin müalicəsində də çobanyastığı dəmləməsindən istifadə etmək olur. Ondan tibbdə geniş istifadə edilir. Belə ki, çobanyastığından həm həkimin məsləhətinə görə, həm də azad şəkldə istifadə etmək mümkündür.Müalicəvi xüsusiyyətləri:
Çobanyastığı çiçəyində uçucu yağlar (matritsin və matrikarin), xamazulen, seskviterlenov spirti, bisabolol, bizaboloksid, ketospirt, kumarin, flavonidlər, sitosterin, farnezin, xolin, kardinen, beta-karotin, izonid, acı maddələr, askorbin turşusu,valerian turşusu, salisil turşusu, fitosterollar var.
Çobanyastığı çiçəyi antiseptik, ödqovucu, sakitləşdirici, qıcolma əleyhinə, qanaxma əleyhinə təsir göstərir.
Çobanyastığı dəmləməsi bağırsaq spazmlarında, qara ciyərin iltihabi xəstəlikləri zamanı, öd və sidik sisteminin iltihabi xəstəlikləri zamanı, sancılı aybaşıda, isterik reaksiyalar zamanı, nevrozlarda, nevroz tutmaları zamanı, üçlü sinirin nevralgiyasında daxilə qəbul edilir.
Çobanyastığı dəmləməsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, reflektor funksiyaları sürətləndirir, beyin qan damarlarını genişləndirir, ürək və tənəffüs ritmlərinin sürətlənməsinə səbəb olur. Çobanyastığını adətən qastritlərin, kolitlərin, ginekoloji xəstəliklərin, pevmatizmanın,bronxial astmanın, anginanın kompleks müalicəsi zamanı təyin edirlər. Çobanyastığı orqanizmdə həzm sisteminin normallaşmasına, ödün axınının sürətlənməsinə, qaşınmanın azalmasına, tərləmənin qarşısının alınmasına səbəb olur. Çobanyastığı orqanizmə antiallergik təsir bağışlayır.
Tibbdə çobanyastığının tətbiqi
Tibbdə çobanyastığından aşağıdakı formalarda qəbul edilir:
*Çobanyastığı çiçəkləri qurudulmuş şəkildə paket halında satılır.
* Romazulon – tərkibində çobanyastığı yağı, və antiseptik var. Qastrit, duadenit, köp, həzm pozğunluqları olduqda təyin edilir. Bu zaman 200 ml qaynar suya yarım çay qaşığı əlavə edilir və içilir. Kompreslər və imalə üçün 1 litr suya 1,5 çay qaşığı romazulon əlavə etməklə əldə edilən qarışımdan istifadə olunur. Bu preparatdan stomatit, otit,qinqvit, uretrit, sistit, trofik yaralar zamanı xaricə tətbiq edilir.
* Alorom ( çobanyastığı tərkibli maz) – miozitlər, pleksit, radikulit,artrit zamanı tətbiq edilir. Mazın tərkibində çobanyastığı, aloe, kalendula və müalicəvi yağlar var. Bu maz yerli iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir.
* Arfazetin – müxtəlif bitkilərlə çobanyastığı qarışımından əldə edilən dərmandır. Bu dərman qanda şəkərin aşağı düşməsinə səbəb olur. Qarışımda iburnu, dəvədabanı, qara yemişan, qatırquyruğu və s. var.
* Rotokan – tərkibində çobanyastığı, boymədəran və gülümbahar var və iltihab əleyhinə təsir göstərir. Preparatdan stomatitlərdə,ağız boşluğu yaralarında, diş əti xəstəliklərində istifadə edilir.
Xalıq təbabətində çobanyastığı
*Bağırsaq sancılarında, bağırsaqlarda köp və qaz olduğu zamanlarda, ağrılı aybaşılarda, ishalda, çobanyastığı dəmləməsinin faydası böyükdür. Bu məqsədlə 1 xörək qaşığı quru çobanyastığı çiçəyini 200 ml suda dəmləyib isti halda gündə 3 dəfə 1 stəkan içmək lazımdır. Xəstəlik əlamətlərinin tamamilə aradan qalxması üçün 2 ay müalicəni davam etdirmək lazımdır.
* Qastrit və enterit zamanı 1 stəkan qaynar suya 2 çay qaşığı quru çobanyastığı əlavə edib gündə 100 ml olmaqla 2 dəfə yeməkdən yarım saat əvvəl içmək lazımdır. Dəmləməyə yovşan, böymədəran əlavə edildikdə isə xəstləliyin əlamətləri tez bir zamanda aradan qalxır.
* Bağırsaqlarda köp və qaz olduqda çobanyastığını, nanə, dəvədabanı və böyrütkəni birlikdə dəmləyib içmək lazımdır.
* Askaridoz zamanı Amerika çobanyastığının dəmləməsini içmək tövsiyə edilir. Bu zaman 1 xörək qaşığı çobanyasığı qurusunu 1,5 stəkan qaynar suda 60 dəqiqə su hamamında dəmləmək lazımdır. Dəmləməni səhər və axşam 100 ml içmək və ya onunla imalə etmək askaridlərin məhv olmasına səbəb olur.
Xroniki hepatit və sirroz xəstəliyi zamanı müalicə məqsədilə çobanyastığı,dəvədabanı, böymədəran, itburnu, andız kökü, at pıtrağı, acı yovşan qarışımından hazırlanan dəmləməsi çox faydalıdır. Bunun üçün eyni miqdarda bitkilərin qarışımından 1 xörək qaşığı götürülür, üzərinə 200 ml qaynar su əlavə edilib su hamamında yarım saat dəmlənir. Dəmləmə hər yeməkdən əvvəl 2-3 ay müddətində qəbul edilir.
Şərq təbabətində çobanyastığı
İbn Sina öz əsərlərində çobanyastığı barədə qeydlər aparıb. O çobanyastığını xəstəlikləri yumşaldıcı, iltihab əlamətlərini, yorğunluğu, zəifliyi aradan qaldıran və orqanizmi sakitləşdirən bir bitki kimi qeyd edib.
Elmi aradırmalarda çobanyastığı
Çonabyastığı elm adamlarının diqqətini özünə cəlb edə bilib. Onun haqqında Hippokratın, Qalenin, Asplekiy, Dioskoridin kitablarında da yazılıb. Hippokrat öz kitablarında çobanyastığını dərman bitkisi kim qeyd edib, Qalen və Askjlepiy isə çobanyastığını öz xəstələrinə tövsiyə ediblər. XI əsrdə italyan həkimi və botaniki Mattioli çobanyastığının efir yağını xəstələrinə spazmolitik kimi təyin edirmiş.
Kulinariyada çobanyastığından müxtəlif içkilərin hazırlanmasında istifadə edilir.
Bəzi dünya ölkələrinin mətbəxində çobanyastığından müxtəlig şorbaların bişirilməsi zamanı istifadə edilir.
Kometologiyada çobanyastığı ekstraktından geniş istifadə olunur. Bitki əlavə edilmiş kremlər, losyonlar dəriyə müalicəvi təsir göstərir. Gözaltı torbalardan xilas olaq üçün çobanyastığı dəmləməsindən qoyulan maska çox faydalıdır.
Çobanyastığının efir yağlarından aromaterapiyada geniş istifadə edilir. Onunla massaj olunmaq orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu zaman bəzən çobanyastığı yağına lavanda yağı da əlavə olunur.
Çobanyastığının zərərli xüsusiyyətləri barədə heç bir məlumat qeydə alınmayıb. Yanlız, həddindən çox qəbul edidiyi zaman onun tərkibindəki efir yağları baş ağrılarına səbəb ola bilir. O hamiləlik və uşaqəmizdirmə dövründə əks göstəriş sayılmır, lakin, həkimin nəzarəti ilə qəbul edilməsində fayda var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Çobanyastığı haqqında bilmədikləriniz." haqqında müzakirə