Süd vəzinin xəstəlikləri
MASTOPATİYA
Süd vəziləri 9-10 yaşlı qızlarda böyüməyə başlayır, hamiləlik vaxtı tam morfoloji yetkinliyə çatır. Onun ölçüləri toxumanın artması hesabına böyüyür. Zahılıq dövründə südün sekresiyası intensiv artdığına görə süd vəziləri daha da böyüməyə başlayır. Uşaq əmizdirmə zamanı süd vəzində dəyişikliklər baş verir. Bu dəyişikliklərin mahiyyəti sekretor proseslərin kəsilməsindən və birləşdirici toxumanın piy toxuması ilə əvəz edilməsindən ibarət olur. Süd vəzisinin böyüməsinin və inkişafının tənzimlənməsi mürəkkəb hormonal nəzarət altında baş verir. Əsas rol esterogenlərə, progestrona və prolaktinə məxsusdur.
Süd vəzilərinin dishormonal patologiyasının əmələ gəlməsində müəyyən rolu qaraciyərin xəstəlikləri oynayır. Məlumdur ki, qaraciyərdə steroid hormonların inaktivasiyasi və konyuqasiyası baş verir. Qaraciyərin patologiyaları esterogenlərin qaraciyərdə itilizasiyasının ləngiməsi sayəsində, əksər hallarda xroniki hiperesterogeniyanın inkişafına təkan verir. Beləliklə də, süd vəzində bəzi xəstəliklər meydana çıxır.
Bu xəstəliklərdən biri mastopatiyadır.
Mastopatiyanın iki növü var:
1.diffuz vəzili fibroz kistoz mastopatiya
2. düyünlü fibroz kistoz mastopatiya
Bu proseslərin ifadə olunma dərəcəsi birləşdirici toxuma, vəzili komponentin və piy toxumasının nisbətinə əsaslanaraq təyin edilir.
Süd vəzilərinin dishormonal patologiyalarının əmələ gəlməsində bir sıra amillər ətraflı olaraq öyrənilmişdir. Xəstəliyin əmələ gəlməsində irsi amilin, menstural funksiyanın endokrin pozulmalarının, endokrin vəzilərin xəstəliklərinin, neyroendokrin tənzimləəmnin pozulmasına gətirib çıxaran streslərin, hamiləliyin erkən müddətində baş verən abort və düşüklərin, piylənmənin rolu vardır.
Bundan başqa mastopatiya döşlə əmizdirmənin qızamüddətli olması ilə əlaqədar da baş verə bilir. Qadının yaşının 40-dan çox olması ən güclü və təbii kanserogen amil sayılır. Çünki 45-50 yaş arası dövrdə qadında menopauzanın başlaması ilə orqanizmdə əhəmiyyətli hormonal dəyişikliklər baş verir. Bu dövrdə də mastopatiyanın və ya süd vəziləri şişlərinin əmələ gəlməsi ehtimalı artır. Süd vəzi xəstəliklərinin əsas etioloji faktoru esterogenlərin səviyyəsinin həddən artıq olması və progesteron səviyyəsinin azalmasıdır. Xəstə süd vəzilərinin ağrılı, gərgin, ödemli olmasından şikayətlənir.
Diaqnozu:
Diaqnoz USM və əllə müayinə nəticəsində müəyyənləşdirilir. Diaqnozun təsdiqlənməsində əsas obyektiv müayinə metodu rentgenomammoqrafiyadır.
Müalicəsi:
Müalicəsi fizioterapevtik, hormonal müalicə üsulu ilə aparılır. Xəstələrə ümumi möhkəmləndirici və vitaminlərin istifadəsi tövsiyyə olunur. Süd vəzində ocaqlı zədələnmələr olduqda və kistalar müəyyən edildikdə cərrahi müdaxilə tələb edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Süd vəzinin xəstəlikləri" haqqında müzakirə