DIRNAQLARA QULLUQ
Gözəl, baxımlı əllər qadınlar üçün qalın saç və hamar dəri kimi əhəmiyyətlidir. Əlbəttə ki, indi dırnaq problemlərini digər problemlər kimi gözəllik salonlarında həll etmək mümkündür. Bir çox ustalar, vizajistlər saç qaynağı kimi dırnaq qaynaqlarını da təklif edirlər, həm də, yüksək keyfiyyət və bacarıqla. Lakin, insanın özünün təbii baxımlı və səliqəli dırnaqları bir çox dəbli, effektli qaynaqlardan daha çox ona sevinc hissi, qürur bəxş edir.
DIRNAQLAR ÜÇÜN VİTAMİNLƏR VƏ MİNERALLAR
Sözsüz ki, dırnaqlara hər zaman qulluq və qidalanma ilə yanaşı vitaminlərdə lazımdır. Əgər orqanizmdə hər hansısa bir vitamin və ya mineral çatışmırsa dırnaqlarda bu zaman problemlər yaranır: quruyur, qat-qat olur, qırılır, eybəcər görünür və hətta göbələk xəstəliyinədə tutula bilir. Bəs hansı vitaminlər dırnaqlar üçün hər zaman lazımdır və onlar necə kömək edə bilər? İlk növbədə unutmayaq ki, biz vitaminləri qəbul etdiyimiz qidalardan və qida məhsullarından alırıq. Bunlarla yanaşı dərman vitaminlərini də, qəbul etmək mümkündür, lakin qeyd etmək lazımdır ki, təbii ərzaqlarda (məhsullarda) olan vitaminlər orqanizmdə daha yaxşı sovrulur, digər sintetik vitaminlər isə orqanizm tərəfindən yad bir şey kimi qəbul edilərək allergik təsir yarada bilər. Dərman halında olan vitaminlərdən yalnız mütəxəssis məsləhətiylə o zaman istifadə etmək olar ki, həqiqətən də, qəbul edilən qida məhsullarının köməkliyi yoxdur. Pəhriz saxlamaq istəyən xanımlar nəzərə almalıdır ki, bu zaman dırnaqlar zəifləyir, parıltısını itirir, kövrək və tez qırılan olur. Çünki, lazımi maddələrlə qidalana bilmir.
Dırnaqlar quru və kövrək, kənarları isə bərk olduqda bu A və E vitaminlərinin, eləcə də, yod və kalsiumun çatışmamazlığından xəbər verir. Orqanizmdən əsla yağ tərkibli qidaları əksik etmək lazım deyil, əsasəndə kərə yağını. Ümumiyyətlə əsasən meyvə-tərəvəz, yumurta, pendir, yağlı balıq yemək lazımdır. A vitamini preparatını isə mütləq həkim məsləhətiylə qəbul etmək lazımdır, çünki əks halda mənfi təsiri ola bilər.
Vitamin E vitamin A ilə bərabər daha faydalı təsir göstərir; qoz-fındıq, bitki yağları, paxlalı bitkilərdə, yumurta sarısı, südün tərkibində zəngindir.
Kalsium- pendir, süd məhsulları, ət, kələm, balıq və dəniz məhsulları, əncir, yumurta, ispanaq və brokoli, qoz-fındıq və dənli paxlalıların müxtəlif növlərində mövcuddur. Dırnaqların boy atması üçün D vitamini daha yaxşıdır. O, daha çox yağda, balıqda, süd, kəsmik və pendirin tərkibində olur. Amma ən çox orqanizmdə günəş şüaları altında əmələ gəlir.
Yod- əsasən dəniz məhsullarının tərkibində, bir az da, ispanaq, kahı, yerkökü, şampinyon göbələyi, ananas və südün tərkibində olur.
Maqnium almaq üçünsə rasiona paxlalı bitkilər, qoz-fındıq, pendir, yarmalar, yaşıl və qırmızı bibər, kartof, ət, banan və böyürtkan daxil etmək lazımdır.
Əgər dırnaqlar qat-qat olmağa başlayırsa və üzərində ağ ləkələr əmələ gəlirsə göbələk və bakterial infeksiya yaranır. Bu isə A vitaminin çatışmamazlığı ilə yanaşı C vitamini və sink çatışmamazlığından da xəbər verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"DIRNAQLARA QULLUQ" haqqında müzakirə