Qızılca
Qızılca kəskin infeksion xəstəlik olub qızdırma, intoksikasiya, dəri və selikli qişalarda makulo-papuloz səpgi, konyuktivit və yuxarı tənəffüs yollarının iltihabı ilə özünü göstərir.
Qızılca antroponoz xəstəlikdir. Inkubasiyanın 2-ci günündə səpginin, 4-cü gününə qədər isə xəstə virusu tənəffüs yollarının seliyi ilə xaric edir. Yoluxma hava-damcı yolu, bəzən konyuktivadan baş verir. Virus ilk növbədə tənəffüs yollarının epitel hüceyrələrində və periferik limfa düyünlərində, alveolositlərdə artıb çoxalır. Yoluxmadan 5-6 gün sonra qısamüddətli virusemiya olur.
Klinikası:
Inkubasion dövr 6-17 gün çəkir. Qızılcaya qarşı peyvənd olunmuş şəxslərdə inkubasiya dövrü 21 günə qədər çata bilər. Gedişində 3 dövr ayırd edilir: kataral, səpgi və piqmentləşmə dövrləri. Başlanğıc dövrdə alt göz qapaqları ödemləşir, konyuktiva hiperemiləşir, axşamlar subfebril temperatur 38-39-dərəcəyə çatır. Baş ağrısı, işıqdan qorxma baş verir, səs kobudlaşır. Xəstəliyin əvvəlində quru öskürək rast gəlinir. Üz şişkinləşir, göz yarığı daralır. Xəstəliyin 3-4-cü günlərində qızdırma azalır, ekzantema dövründə yenidən qızdırma yüksəlir. Səpgi bədənin yuxarı hissələrində daha çox və sıx görünür. Qızılca üçün periferik qanda leykopeniya, limfositoz xarakterikdir. Irinli ağırlaşmalarda leykositoz, sola meyylik inkişaf edir, EÇS artır.
Atipik formalarda əlamətlər zəif nəzərə çarpır, silinmiş olur və ya heç rast gəlinmir.
Diaqnozu:
Diaqnoz xarakterik kliniki simptomlara əsaslanaraq təyin edilir. Xəstəliyin qəfil başlanaraq kataral əlamətlərn getdikcə güclənməsinə, konyuktivitə, Koplik ləkələrinə, ləkəli populyoz səpgilərin mərhələliyinə və epidemioloji anamnezə əsasən qoyulur. Laborator müayinələr üçün neytrallaşdırma və ya immunoflürossensiya reaksiyalarından istifadə olunur.
Müalicəsi:
Xəstələr adətən evdə müalicə olunurlar. Müalicə prosesində sanitar-gigiyenik normalara əməl etmək vacibdir. Xəstə olan otağın havası tez-tez dəyişdirilməlidir. Xəstənin bədəni gundə 2-3 dəfə ilıq yaxud sodalı su ilə yuyulmalıdır. Qurumuş dodaqlara vazelin, yaxud kərə yağı çəkilməsi məsləhət görülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qızılca" haqqında müzakirə