Hamiləlikdə böyrək xəstəlikləri.

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2017
  • Baxış sayı: 15 181
  • 0 rəy

HAMİLƏLİKDƏ BÖYRƏK XƏSTƏLİKLƏRİ.
Hamilələrdə ürək-damar xəstəliklərindən sonra ikinci yerdə böyrək xəstəlikləri durur. Hamiləlik dönəmində böyrəklərdə, sidik sistemində və qan dövranında fizioloji dəyişikliklər baş verir. Hamiləlikdə böyrək patologiyalarını öncədən aşkarlamaq üçün requlyar olaraq sidiyin təhlili və arterial təzyiqə nəzarət lazımdır.
Ən çox hamilələrdə simptomsuz bakteriuriya,sistit və pielonefrit rast gəlinir. Simptomsuz bakteriuriya ancaq sidiyin laborator təhlili zamanı aşkar olunur və bu zaman hamilədə heç bir simptom olmur. Bakteriuriyanın səbəbi kimi pielonefriti düşünmək lazımdır və bunu təsdiq etmək üçün növbəti müayinələr vacibdir.
Pielonefrit böyrək ləyənlərinin iltihabıdır.Hamiləliyin sonlanmasına,vaxtından evvəl doğuşa, hestoza (normal gedən hamiləliyin ağırlaşması), hipotrofiyaya, dölün bətndaxili infeksiyalaşmasına gətirib çıxara bilən təhlükəli haldır. Çox vaxt hamiləliyin ikinci yarısında əmələ gəlir. Hamiləlikdə inkişaf edən pielonefrit hestasion pielonefrit və ya hamiləlik pielonefriti adlanır. Əsasən bağırsaq çöpləri, klebsiella və maya göbələyi tərəfindən yaranır. İnfeksiya böyrəyə qalxan yolla düz bağırsaqdan, uşaqlıq yolundan və ya xroniki iltihab ocaqlarından qanla keçə bilər. Əsas simptomları qəfil temperaturun yüksəlməsi, titrəmə, ümumi zəiflik, halsızlıq, baş və bel ağrılarıdır. Eləcə də hamiləni ağrılı sidiyə getmə narahat edir. Pielonefritə şübhə olarsa, hamiləni hospitalizasiya etmək və azı 4-6 həftə müalicə etmək lazımdır.
Sistit-sidik kisəsinin selikli qişasının iltihabıdır. Əlamətləri tez-tez sidiyə getmək və prosesin sonunun ağrılı olması, göynəmə hissi, qasıqüstü nahiyədə ağrı, subfebril temperaturdur. Xəstəlik adətən 7-10 gün davam edir. Çox rast gəlinən hallardandır ki, kəskin sistit xroniki sistitə və ya pielonefritə keçir. Ona görə ilk simptomların aşkar olunduğu vaxtdan müalicəyə keçmək vacibdir! 
Müəllif: ginekoloq Ləman Əliyeva
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlikdə böyrək xəstəlikləri." haqqında müzakirə