Sinir sistemi

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 781
  • 0 rəy

Heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı əmələ gələn reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları icra edən və orqanizmin fəaliyyətini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir.
Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu xüsusiyyət həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici xüsusi törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Məsələn, birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq mənbəyinə yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir.
Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır.

Somatik və vegetativ sinir sistemi
Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas – heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür.
1) somatik (lat. soma – bədən deməkdir) ya animal (heyvani);
2) vegetativ ya bitki sinir sistemi.
Somatik sinir sistemi eninəzolaqlı skelet əzələlərini və bir qisim daxili üzvlərin (dil, damaq, udlaq və qida borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsilə insan orqanizmini xarici mühitlə rabitədə saxlayır.
Vegetativ sinir sistemi daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət aparatlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda sklet əzələlərini də təchiz edir, onların tonusunu nizama salır; bütün üzvlərin qidalanmasını təmin edir (trofik vəzifə daşıyır). Vegetativ sinir sistemi də iki hissəyə bölünür: simpatik hissə – (lat. pars sympatica) və parasimpatik hissə – (lat. pars parasympatica). Digər bir təsnifata əsasən sinir sistemi iki şöbəyə bölünür: mərkəzi sinir sistemi – (lat. systema nervosum centrale) və ucqar ya periferik sinir sistemi – (lat. gysema nevrosum periphericum).
Mərkəzi sinir sisteminə beyin – (lat. encephalon) və onurğa beyni – (lat. medulla spinalis), ucqar sinir sisteminə isə beyindən çıxan 12 cüt kəllə (beyin sinirləri) – (lat. nn. craniales, nn. cerebrales – BNA) və onurğa beynindən çıxan 31 cüt onurğa beyni sinirləri – (lat. nn. spinales) aiddir.
Ucqar sinir sisteminə qeyd olunan sinirlərdən başqa qanqlionlar (sinir düyünləri) və xarici mühitdən, ya orqanizmin özündən (daxili mühitdən) qıcıqları qəbul edən, ya qıcıqları işcil üzvlərə (əzələlərə, vəzilərə) verən uc aparatlar – reseptorlar da daxildir.
Sinir sisteminin somatik və vegetativ sinir sistemlərinə bölünməsi, yuxarıda qeyd olunduğu kimi şərtidir; bu bölünmənin şərti olması bir tərəfdən vegetativ sinir sisteminin somatik üzvlərlə (yəni sklet əzələləri ilə) müəyyən nisbətdə olması ilə (onları innervasiya etməsi ilə), digər tərəfdən animal və vegetativ sinir sistemi elementlərinin eyni zamanda sinir sisteminin mərkəzi və ücqar şöbələrdə yerləşməsi ilə izah olunur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sinir sistemi" haqqında müzakirə