“SPİNNER”LƏR uşaqlara ziyandırmı?


Stress çarxları, əslində, insanlarda aqressiyanı gücləndirir, gələcəkdə ağır fəsadlara yol açır.

“Bir müddətdən sonra əl öyrəşəcək, onun olmamağının özü bir stressə səbəb olacaq. Bu da yeni bir gərginlik olacaq”

Hər il yeni bir "oyuncaq” çıxır və bütün millətin başını necə qatırsa, bir müddət hamı həmin oyuncağı əlindən yerə qoya bilmir. Bu il də stressi azaldan oyuncaqlar dəb halını alıb. Stressi azaltdığı deyilən bu kiçik əşya insanları öz əsirinə çevirib. Hara gedirsən, kimin evinə daxil olursan, hərənin əlində bir stress çarxı var. Böyüklərdən tutmuş azyaşlı uşaqlara qədər hər kəs bu oyuncaqlardan istifadə edir. Məktəbli uşaqlar da bu oyuncaqla stress atdıqlarını iddia edirlər. Elə hey fırladıb, stress çıxardırlar. Elə maraq doğuran sual da uşaqların niyə stressli olmasıdır. Axı 10-12 yaşlı uşaqda haradan oldu bu qədər stress? Həm uşaq nə bilir stress nədir? Biz görmüşük ki, o yaşda uşaqlar tay-tuşları ilə futbol, dava-dava oynamaqla öz "azar”larını öldürərlər. Uzaqbaşı, kompüterdə, telefonda iqra oynamaqla vaxtını keçirərlər. İndiki uşaqlar isə hərəsi bir tində dayanıb, "spinner” fırladır. Sanki dünyanın bütün xəta-bəlasını bunun çiyinlərinə yükləyiblər. Onu da deyək ki, artıq stress çarxı üçün qadağalar başlayıb. Amerika Birləşmiş Ştatlarındakı bəzi ştatlar, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində qəbul edilən qərarlarda bildirilir ki, stress çarxı uşaqların diqqətinin dağılmasına səbəb olur. Bəzilərinin "müasir zikr” adlandırdığı stress çarxı, hər gün daha çox yayılır. Ancaq mütəxəssislər uşaqların bu oyunları məktəblərə apardığı üçün həyəcan təbili çalırlar. Sosial şəbəkələrdə bu barədə müzakirə aparanlar, "Ehtiyac yoxdur istifadəyə. Stress çarxlarından istifadə edənlər daha da stressə düşür. Çevirir, "niyə istədiyim kimi olmadı”, - deyib, yenidən qeyri-adi stressə qapılır. Həvəsdən başqa bir şey olmadığını düşünürəm. Bir nəfər istifadə edir və insanlar həvəsə düşüb almağa başlayırlar. Bir faydası olduğunu düşünmürəm”, - deyə yazırlar. Stress çarxından asılılığın aktual problemə çevrildiyini vurğulayan "Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova "Şərq”ə açıqlamasında bundan sinir sistemi sakitləşdirici adı altında alıb istifadə edildiyini deyib:"Həyatımız, hər addımımız gərginlik, stress içərisindədir. Bəzi insanlar hesab edir ki, avtobusda, metroda, küçədə keçirdikləri stressi bu vasitənin köməyi ilə çıxara bilərlər. Halbuki problemin kökü qaldıqca sinir sistemi heç bir vasitə ilə tənzimlənə bilməz. Belə vasitələr insanlarda aqressiyanı gücləndirir, gələcəkdə ağır fəsadlara yol açır. Bu sadəcə problemin üstünü örtmək deməkdir. Problem isə içəridə böyüyür. Problemi ucuzvari vasitələrlə aradan qaldırmaq olmaz”. Uşaqların niyə əsəbi olmasına gəldikdə isə psixoloq deyib ki, onların da özlərinə görə, öz yaşlarına uyğun problemləri, məsuliyyətləri var. Körpə uşaqlar belə aldıqları travma səbəbindən stressli ola bilir:  "Ancaq məsələnin problemli tərəfi odur ki, "spinner”lər uşaqların stressini azaltmaq əvəzinə, daha da onların psixologiyalarını korlaya bilər. Valideyn öz övladına stress çarxı almaq əvəzinə onun problemləri ilə maraqlanmalı və gərginliyini aradan qaldırmağa çalışmalıdır. Əgər problem daha ciddidirsə, peşəkar psixoloqların dəstəyini alsınlar”. "Spinner”lərin uşaqların öz güvənlərinə mənfi təsir etdiyini vurğulayan N.Rüstəmovanın sözlərinə görə, bu, bir növ mənfi alışqanlıq yaradır: "Bir müddətdən sonra əl öyrəşəcək, onun olmamağının özü bir stressə səbəb olacaq. Bu da yeni bir gərginlik olacaq. Həmçinin də uşaqlar böyüdükcə, hansısa bir əşyaya bağlı olacaq, həyatlarını onsuz təsəvvür edə bilməyəcəklər”.
reaksiya.az
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"“SPİNNER”LƏR uşaqlara ziyandırmı?" haqqında müzakirə