Qolunuz Dayanmadan Ağrıyır?

  • Müəllif: elnare
  • Tarix: 24 aprel 2021
  • Baxış sayı: 1 185
  • 0 rəy

Yuxarı ətrafda gedən müxtəlif patoloji proseslər ağrı ilə müşayiət olunur. Qol ağrısı sızıltılı, deşici və yaxud yandırıcı xarakter daşıyır. Bəzi insanlarda ağrı yüngül, digərlərində isə dözülməz və üzücü formada olur. Ağrının xarakteri kimi yaranma səbəbi də müxtəlifdir. Qol ağrısı travmatik, nevrogen, degenerativ-distrofik, iltihab mənşəli ola bilər.Ağrı ilə yanaşı adətən aktiv hərəkətlərin məhdudlaşması, ətrafın şişkinliyi, yerli iltihab əlamətləri müşahidə edilir. Stenokardiya, infarkt, mədə xorası və öd daşı xəstəliyində qol ağrısı ikincili formada olur. Yəni sinə və mədə nahiyəsində yaranan əsas ağrı qola yayılır. Etiologiya və xarakterdən savayı qol ağrısı lokalizasiyasına görə də ayırd edilir. Bu əlamət, fiziki müayinədən sonra ilkin diaqnozun qoyulmasına xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əl barmaqlarının kiçik oynaqları əsasən revmatoid artrit zamanı zədələnir. İri oynaqların (bazu, dirsək) ağrısı əksərən artrit, osteoartroz və ya oynaqətrafı yumşaq toxumaların xəstəliklərinə işarə edir. Çiyin və körpücük sümükləri isə sınmağa meylli olur.  Ağrı ilə qarşılaşdıqda ona laqeyd yanaşıb, öz-özünə keçəcəyini düşünməyin. Həmçinin xalq təbabəti vasitələri, kompress və ağrıkəsici preparatlarla özbaşına bu narahatlığı aradan qaldırmağa çalışmayın. Unutmayın,  yalnız təcrübəli mütəxəssis (travmatoloq, revmatoloq, nevroloq) qolda əmələ gələn ağrının səbəbini aşkar edib, düzgün müalicə aparır.   
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qolunuz Dayanmadan Ağrıyır?" haqqında müzakirə