Yeniyetmələrdə sızanaqlar
Sızanaqlara ən çox yeniyetməlik dövründə rast gəlinir. Üzdə, boyunda, bəzən sinə və kürəklərdə əmələ gələn bu sızanaqlar kosmetik görünüşü korladığına görə, daima gəncləri narahat edir. Sızanaqlara ən çox yeniyetmələrdə rast gəlindiyi üçün bu xəstəliyə yeniyetmə xəstəliyi də deyilir. Bəs bunların əmələ gəlməsinin səbəbi nədir?
Sızanaqlar tük dibindən qopmuş dəri kəpəyinin piy vəzinin axarının tutması nəticəsində əmələ gəlir. Bu zaman xaricə axmaq istəyən piy toxuması dərinin alt təbəqəsində yığılıb qalır və şişkinləşib papula əmələ gətirir. Bir müddət sonra papula partlayır və içindəkilər xaricə axır. Bəzi hallarda papulalar dəri altında iltihablaşır və pustula əmələ gətirir. Bu zaman sızanaq ağrılı olur.
Papulalar dəri altında bir müddət qaldıqdan sonra dərinin üstünə çıxır. Bəzi insanlar papulaların çıxmasını sürətləndirmək məqsədi ilə özləri dərini sıxırlar. Bəzi hallarda isə papulalar dərialtı piy toxumasına yayılaraq piy vəzlərinin funksiyasını korlayırlar. Bu zaman dəri altında piy vəzilərinin içərisində piy yığılıb qalır və xırda kisəciklərə dönür. Kisəciklər isə bir müddət sonra dəri altında bir-birinə yol açır və dərinin üst təbəqəsində xoşagəlməz izlər yaradır.
Bu cür sızanaqlar müalicəyə çətin tabe olur və uzunmüddəti müalicə tələb edir. Belə sızanaqlar sağaldıqdan sonra dəridə çapıq toxumanın əmələ gəlməsinə səbəb olur. Əksər hallarda isə üzdə xoş olmayan görüntüyə görə yeniyetmələrdə əsəb sistemi xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir.
Adətən yeniyetmələrdə əmələ gələn sızanaqların müalicə olunması məsləhət sayılmır. Əsas müalicə dərinin təmiz saxlanılması, aseptika və antiseptika qaydalarına əməl etməkdən ibarətdir. Dərisində sızanaqlar olan adamlara aseptik sabunla yuyunmaq, dərini tez-tez aseptik məhlullarla silmək və kükürdlü mazlardan istifadə etmək tövsiyə edilir.
Dəridə olan sızanaqları və ya papulaları əllə sıxmaq olmaz!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yeniyetmələrdə sızanaqlar" haqqında müzakirə