Qalxanabənzər ətraf vəzilərin hormonu

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 2 480
  • 0 rəy

Qalxanabənzər ətraf vəzilərin hormonu
Parathormon
Parathormon qanda kalsiumun qatılığını tənzim edir. Bu vəzinin funksional fəallığı əsasən autorequlyasiya yolu ilə tənzimlənir. Parathormonun sintezi və sekresiyası qanda kalsiumun miqdarından asılıdır. Yəni hipokalsiemiya olduqda parathormonun sekresiyası artır, hiperkalsiemiya olduqda bu proses ləngiyir.
Kalsium orqanizmdə periferik sinir sisteminin oyanma qabiliyyətinin və hüceyrə membranlarının keçiriciliyini azaldır, sümük toxumasının möhkəmliyini təmin edir, qanın laxtalanmasında iştirak edir. Sağlam adamda normal halda kalsiumun qatılığı 2,25-2,75 mmol/litrə bərabərdir. Amma kalsiumun yalnız ionlaşmış bir hissəsi fizioloji aktivliyə malikdir.
Parathormon kalsiumun sümük toxumasından qana sorulmasını sürətləndirmək yolu ilə hiperkalsiemiya törədir. Parathormon osteoklastları aktivləşdirməklə onların sintezini artırır, sümük toxumasının əsasını təşkil edən zülalların sintezini azaldır.
Parathormonun sekresiyasının artması fibroz-sistoz osteodistrofiya xəstəliyinə səbəb olur. Bu qalxanabənzər ətraf vəzin adenoması və ya hiperplaziyası zamanı baş verir. Xəstəlik zamanı sümük toxumasında osteoklastların aktivliyi artır və onlar çoxlu miqdarda limon turşusu ifraz edirlər. Bunun nəticəsində sümük toxumasında yerli asidoz yaranır, turş mühitdə isə kalsium və fosfor birləşmələri yaxşı həll olur və asanlıqla qana keçir. Beləliklə sümük toxumasında mineral maddələr azalır, sümüklər fibroz toxumaya çevrilir, yumşalır və əyilir. Hiperkalsiemiya sinir-əzələ oyanıqlığının və əzələ tonusunun azalmasına səbəb olur. Xəstəlik zamanı toxumalarda kalsium çöküntüsü yaranır. Eyni zamanda böyrək axarlarına da kalsiumun turş fosfat və karbonat duzları çökür. Bu zaman əksər hallarda böyrəklərdə patoloji hallar meydana gəlir.
Parathormonun sintezinin azalması zamanı əzələlərdə tonik qıcolma tutmalardan ibarət olan tetaniya xəstəliyi meydana gəlir. Bu xəstəlik qalxanabənzər ətraf vəzin çıxarılması nəticəsində də inkişaf edə bilir. Hipoparatrioz zamanı qanda kalsiumun miqdarı azaldığına görə sinir-əzələ oyanıqlığı artır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qalxanabənzər ətraf vəzilərin hormonu" haqqında müzakirə