Öd kisəsinin xərçəngi

  • Müəllif: elnare
  • Tarix: 7 yanvar 2017
  • Baxış sayı: 2 881
  • 0 rəy

Öd kisəsinin xərçəngi.
Öd kisəsi qaraciyərdə əmələ gələn ödü yığıb, lazım gəldikdə oniki barmaq bağırsağa boşaldan bir orqandır. Öd kisəsinə yığılan öd orada müvəqqəti olaraq qalır. Sağlam və öz funksiyasını normal yerinə yetirə bilən bir öd kisəsi qida maddələri mədədən oniki barmaq bağırsağa keçən zaman boşalır və öd qidaların üstünə tökülür. Amma öd kisəsində müxtəlif xəstəliklər olan zaman o, öz funksiyasını normal yernə yetirə bilmir. Öd kisəsinin normal işləməməsinə səbəb olan xəstəliklərdən biri də öd kisəsinin xərçəng xəstəliyidir.
Öd kisəsinin xərçəng xəstəliyi 55 yaşdan yuxarı adamlarda rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbləri tibbə aydın deyil. Lakin uzun müddət öd kisəsində olan daşların, ödün tərkibinin dəyişməsinə səbəb olduğu, xəstəliyin əmələ gəlməsində risk faktoru kimi qiymətləndirilir. Bu cür düşünməyə öd xərçəngindən əməliyyat olunan adamların öd kisəsində iri daşların olması əsas verir. Aparılan araşdırmalar öd kisəsində iri daşlar və poliplər olan adamlarda öd kisəsi xərçənginə daha çox rast gəlindiyini sübut etmişdir.
Xəstəliyin əlamətləri xroniki xolisistit əlamətlərinə çox bənzəyir. Xəstəliyin ilkin dövrlərində xəstələrdə ürəkbulanma, qusma, iştahsızlıq ,arıqlama şikayətləri olur. Xəstələr bəzən sağ qabırğaaltı nahiyyədə sızıldayıcı ağrıdan və ağrının sağ arxa kürək altına yayılmasından şikayət edirlər. Ağrıların ən çox gecələr baş verməsi öd kisəsi xərçəngi üçün xarakterikdir. Xəstəliyin ağırlıq dərəcəsi artdıqca xəstələrin dərisində sarılıq əlamətləri başlayır ki, bu da ödün qana keçməsi səbəbindən baş verir. Bu zaman xəstələrdə əmələ gələn sarılıq, mexaniki sarılıq olduğuna görə yoluxucu olmur. Xəstələrin sidiyinin rəngi tünd sarı, nəcisin isə rəngi açıq olur. Xərçəng öz əlamətlərini xəstəlik başlayandan 5-6 ay sonra göstərir. Bəzi xəstələrdə ağrı hissi ilə bərabər qızdırma baş verə bilir.
Xəstəliyə diaqnoz qoymaq üçün ultrasəslə müayinə metodundan istifadə edilir.
Xəstəliyin müalicəsi cərrahi yolladır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Öd kisəsinin xərçəngi" haqqında müzakirə