Hamiləlik və şəkərli diabet

  • Müəllif: elnare
  • Tarix: 5 fevral 2019
  • Baxış sayı: 2 844
  • 0 rəy

Hamiləlik dövründə şəkərli diabet xəstəliyinin xüsusiyyətləri. Şəkərli diabetin əlamətləri. Hamiləlik zamanı şəkərli diabetin müalicəsi
Tərkibindəkilər:
*Kimlər risk qrupuna aiddir?
*Xəstəliyin əlamətləri
*Hamiləlik zamanı xəstəliyin xüsusiyyətləri
*Diabetin müalicəsi
Şəkərli diabet – orqanizmdə insulin çatışmazlığı səbəbindən meydana çıxan xəstəlikdir. Mədəaltı vəzi az miqdarda insulin hormonu ifraz edərsə, o zaman qanda şəkərin miqdarı artır. Əvvəllər insulindən müalicə məqsədilə doğuş zamanı istifadə edilib. Hamiləlik zamanı qadınların 5%-i şəkərli diabet təhlükəsi altında qalır. Hamilələrdə ağır şəkərli diabet 60% hallarda uşağın ölümü ilə nəticələnir. Hamiləlik zamanı isə insulinlə müalicə ana və uşaq həyatının xilas olmasına səbəb olur. Hamiləlik zamanı insulin almayan şəkərli diabet xəstələrinin 5%-də həyati təhlükə ola bilir. 60% hallarda isə şəkərli diabet xəstələrində borudaxili hamiləliyin pozulıması baş verir. Hamiləlik zamanı insulin müalicəsi almaq həm ananın, həm də uşağın xilas olmasına səbəb olur. Şəkərli diabet xəstələri hamiləlik müddətində endokrinoloq həkimdən mütəmadi olaraq məsləhət almalıdırlar.
Kimlər risk qrupuna daxildir?
Aşağıdakı hallarda qadınlar şəkərli diabetin risk qrupuna daxildir:
*valideynlərdən birində şəkərli diabet xəstəliyi olarsa
*eyni yumurta əkizi olub digərində şəkərli diabet olarsa
*qadın əvvəllər 4500 qram və daha çox çəkidə uşaq dünyaya gətirdikdə
*qadın piylənmədən əziyyət çəkirsə
*qadında əvvəllər uşaqsalma baş veribsə
*çoxlu su yığılmalar olduqda
*qlükozuriya baş verdikdə(sidikdə şəkərin olması).
Qadınların çoxunda şəkərli diabet hamiləliyə qədər olur, amma bəzi hallarda hamiləlik zamanı da şəkərli diabet meydana gələ bilir.
Xəstəliyin əlamətləri
İnsulin bütün növ maddələr mübadiləsinə təsir edir. Bu hormonun çatışmazlığı qlükozanlın sorulmasına təsir edir, nəticədə qanda şəkərin miqdarı artır(hiperqlikemiya) ki, bu da şəkərli diabetin əsas əlaməti sayılır.
Şəkərli diabet xəstələri ağızda quruluq hissindən, ürəkyanmadan, həddindən çox maye(2 litrdən çox) qəbulundan, davamlı sidik ifrazından, iştahanın artması və ya azalmasından, zəiflikdən, arıqlamadan, dəri qaşınmasından(ən çox da aralıq nahiyənin qaşınmasından), yuxunun pozulmasından şikayət edirlər. Şəkərli diabet xəstələrinin dərisi iltihabi xəstəliklərə meyilli olur və bəzən frunkulyoz meydana çıxır.
Şəkərli diabet xəstəliyinə diaqnoz qoymaq üçün qanda şəkərin miqdarı hesablanır. Şəkərli diabetə diaqnoz qoymaq üçün səhər acqarına xəstənin venasından qan alınır. Bu zaman qanda şəkərin miqdarı 7,0 mmol/l –dən çox olarsa bu xəstəliyin olması deməkdir. Barmaqdan alınan qanda isə şəkər miqdarının 6,1 mmol/l-dən çox olması diabetin əlaməti hesab edilir. Acqarına qanda şəkərin miqdarı 4,8-6,0 mmol/l olmalıdır. Müayinə zamanı qlükozanın tolerantlıq testi də keçirilir. Şəklərli diabet xəstələri hamilə olduqda onlar hər həftə müayinə olunmalıdırlar. Hamiləliyin son ayında isə həftədə 2-3 dəfə qanda şəkərin miqdarı müayinə olunmalıdır.
Şəkərli diabetin ikinci əsas əlaməti qanda (hiperqlikemiya) və sidikdə şəkərin olmasıdır(qlükozuriya). Bəzən hamiləlik zamanı qadınların sidiyində şəkər aşkar edilir. Bu hətta sağlam qadınlarda da meydana çıxa bilir və “hamiləlik qlükozuriyası” hesab olunur.
Şəkərli diabet xəstəliyi həm zülal, həm də yağ-piy mübadiləsini pozur. Şəkərli diabet zamanı ketonemiya meydana çıxır ki, bu da orqanizmdə keton cisimciklərinin artmasına səbəb olur və sidikdə aseton aşkar edilir.
Qanda şəkərin normal olması bu patologiyaları kompensasiya edir.
Şəkərli diabet zamanı bir çox orqanlar zədələnir. Bu orqanlara gözlər, böyrəklər, dəri, əzələ, sinir sistemi, mədə-bağırsaq sistemi və s. aiddir.
Şəkərli diabet xəstəliyi ən çox gözlər üçün təhlükəli sayılır. Bu zaman diabetik rinopatiya əmələ gəlir ki, bu zaman göz damarlarına qanın işləməsi zəifləyir, torlu qişa zədələnir və korluq meydana gələ bilir. Şəkərli diabet zamanı arterial təzyiq artdıqda sidikdə zülal əmələ gəlir və xroniki böyrək çatışmazlığı inkişaf edir. Şəkərli diabet zamanı müxtəlif böyrək xəstəlikləri də meydana çıxa bilir. Bu xəstəlik zamanı immun sistem zəifləyir, bu da bakterial ağırlaşmalara səbəb olur.
Şəkərli diabet cinsi orqanlara da təsir eidr. Belə xəstələr uşaqsalma, vaxtından qabaq doğuş və uşağın ana bətnində ölməsi ilə tez-tez rastlaşırlar.
Şəkərli diabetin ağırlaşmalarından biri də komatoz vəziyyətdir. Bu diabetik koma və ya ketonemik koma adlanır ki, bu zaman xəstə huşunu itirir. Bu hal ən çox qanda şəkərin miqdarı artan zaman baş verir. 
Şəkərli diabetin 3 dərəcəsi aylrd edilir:
*yüngül dərəcə - acqarına qanda şəkərin miqdarı 7,7 mmol/l olur və dieta ilə şəkəri normallaşdırmaq mümkündür
*orta dərəcə - acqarına qanda şəkərin miqdarı 12,7mmol/l olur. Bu zaman qanda şəkərin miqdarını normallaşdırmaq üçün insulin müalicəsi təyin edilir.
*ağır dərəcə - acqarına qanda şəkərin miqdarı 12,7 mmol/l-dan çox olur. Bu zaman orqan və toxumalarda zədələnmələr baş verir, sidikdə aseton olur.
Hamilələrdə xəstəliyin xüsusiyyətləri.
Hamiləlik zamanı şəkərli diabetin dərəcələri daha da ağır əlamətlərlə özünü biruzə verir.
Hamiləliyin birinci üçaylığında qanda qlükozanın miqdarı azalır və hipoqlikemiya baş verir. Buna görə də insulinin dozası 1/3 dəfə azaldılır.
Hamiləliyin 13 həftəsinə qədər xəstəliyin pisləşməsi başlayır və hiperqlikemik koma da baş verə bilir. Bu zaman insulinin dozası artırılmalıdır.
Hamiləliyin 32 həftəsində qanda şəkərin miqdarı yaxşılaşa bilir və hipoqlikemiya müşahidə olunur. Bu zaman insulinin dozası 20-30% azaldılır.
Doğuş zamanı qanda şəkərin miqdarına nəzarət edilir. Qorxu, həyəcan, fiziki yorğunluq hissi şəkərin miqdarının artmasına səbəb ola bilir. Doğuşdan sonra isə şəkərin miqdarı aşağı düşür və 7-10 gün sonra hamiləliyə qədər olan miqdara çatır. Bu dinamika ilə qadınlarda patoloji proses nəzarət altına alınır və qadının sonrakı hamiləliyə qədər insulin müalicəsinə diqqət yetirilir.
Hamiləlik şəkərli diabet xəstəliyinə pis təsir edir.
Hamiləlik müddətində damar xəstəlikləri proqresivləşir, diabetik retinopatiya 35% hallarda inkişaf edir, diabetik böyrək zədələnmələri meydana çıxır, arterial təzyiqin artması müşahidə edilir, hestoz baş verə bilir, ətraflarda şişkinliklər, sidikdə zülal, kəskin pielonefrit meydana çıxa bilir.
Şəkərli diabet xəstələrində hamiləlik zaman ağırlaşmalar da meydana çıxa bilir. Belə xəstələrin 30-70%-də hestoz baş verir ki, bu da özünü arterial təzyiqin artması, ödem və şişkinliklərlə göstərir. Hestoz ağırlaşdıqda isə qadınlarda eklampsiya(huşun itməsi ilə müşahidə olunan qıcolmalar)baş verir. Hestozun fonunda qadınlarda böyrək çatışmazlığı inkişaf etməyə başlayır ki, bu da 18-46% halda uşağın ölü doğulmasına səbəb olur.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən qadınların 15-31%-də 20-27 həftədə və ya daha erkən uşaqsalma baş verir. Amma xəstəlik nəzarət altına alınarsa, sağlam qadınlarda spontan uşaqsalma müşahidə edilmir. Belə qadınlarda vaxtından əvvəl doğuş tez-tez baş verir. 29% halda ölü doğulma müşahidə edilir. Uşağın ana bətnində ölməsi isə adətən hamiləliyin 35-38 həftələrində baş verir. Bu ən çox da döl iri olduğu zaman baş verir. Əgər su yığılması olarsa o zaman həkimlər 38 həftədə doğuşu yekunlaşdırmaq barədə düşünürlər.
Şəkərli diabet xəstələrinə təbii doğuş arzu olunan nəticəni verməyə bilir. Doğuş adətən ana və uşaq üçün travma ilə yekunlaşır.
Şəkərli diabet xəstələrində doğuşdan sonra infeksiya düşmə riski yüksək olur və belə qadınların südü az olur.
Şəkərli diabet xəstələrinin vəziyyəti hamiləlik dövründə ağırlaşır.
Aşağıdakı hallarda hamiləlik əks göstəriş hesab olunur:
1. Diabetik mikroangiopatiyalarda(müxtəlif orqanların kiçik damarlarında zədələnmə olduğu zaman)
2. İnsulinin rezistenlik forması olduğu zaman( insulin müalicəyə kömək edə bilmədiyi zaman)
3. Ər və arvadın hər ikisində şəkərli diabet xəstəliyi olduqda(uşaqda irsi xəstəliklər olduğu üçün)
4. Diabet və rezus konflikt olduğu halda(eritrositlər rezus müsbət dölün antitellərini dağıdır)
5. Diabetlə birlikdə aktiv vərəm olduğu zaman
6. Ana əvvəl ölü uşaq dünyaya gətirdiyi zaman
Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqlarda piy toxuması yaxşı inkişaf elədiyinə görə onların çəkisi artıq olur(4500 qr çəki, 55-60 sm uzunluq). Onlarda diabetik retinopatiya inkişaf edir: şişkinlik, sianoz, ayabənzər( dəyrimi) sifət müşahidə edilıir. Belə uşaqlarda doğuşdan sonra sarılıq, çəkinin itməsi və patologiyaların gec bərpa olunması müşahidə olunur. 20% hallarda isə azçəkili uşaq dünyaya gəlir.
Doğulan uşaqlarda olan qüsurlar sağlam anaların dünyaya gətirdikləri uşaqlardan 2-4 dəfə çox olur və əksər hallarda anarlarda diabetik patologiyalar baş verir. Güman edilir ki, bu hamiləliyin ilkin etaplarında hiperqlikemiyanın orqanların formalaşmasını pozduğu üçündür. Belə qadınların dünyaya gətirdikləri uşaqlarda sağlam qadınların uşaqlarından fərqli olaraq 5 dəfə çox ürək qüsuruna, böyrək zədələnmələrinə, beyin və bağırsaq anomaliyalarına rast gəlinir. Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqların 2,6%-də olan qüsurlar onların həyatda qalmamalarına səbəb olur.
Doğulacaq uşaqda olan ürək qüsurlarını əvvəlcədən aşkar etmək üçün hamiləlik zamanı xüsusi müayinələrdən keçmək lazımdır. 
Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqlarda diabet xəstəliyinin olması 2-6%-dir. Amma hər iki valideyində şəkərli diabet xəstəliyi varsa o zaman bu miqdar 20%-ə qədər arta bilir.
Hamiləlik zamanı şəkərli diabetin müalicəsi
Şəkərli diabeti olan qadınlar hamiləlik müddətində həkim nəzarəti altında olmalıdırlar. Bu müddət ərzində qanda şəkərin miqdarı kompensasiya edilməlidir.
Hamiləlik zamanı şəkərli diabet xəstələri rasional qidalanmalarına nəzarət etməli və insulin müalicəsi almalıdır. Şəkərli diabet xəstələri hamiləlik dövründə dieta saxlamalıdırlar və bu dietanı endokrinoloq həkim təyin etməlidir. Qəbul edilən qidanın tərkibində hər kiloqram çəkiyə görə karbohidratların miqdarı 200-250 qr, yağların miqdarı 60-70 qram, qidanın enerji dəyəri 2000-2200 və zülalların miqdarı 1-2 qram azaldılmalıdır. Əgər qadında piylənmə varsa, o zaman subkalorili dieta təyin edilməlidir: 1600-1900 kkalori. Bu zaman hər gün eyni miqdarda karbohidrat qəbul etmək lazımdır. Qidalar arasındakı məsafədə isə edokrinoloqun təyin etdiyi dozada insulin vurulur. Insulin vurulan zaman onun maksimal təsir etdiyi zaman müddəti aydınlaşdırılmalıdır. Kombinəedilmiş insulin qəbul edən hamilə qadın insulin vurulduqdan yarım saat sonra qida qəbul etməlidir. İnsulin həkimin təyinatı ilə, şəkərin miqdarı artdığı zamanlarda və yuxudan əvvəl vurulmalıdır. Şəkərli diabeti olan hamilə qadınlara tərkibində çöxlu karbohidrat, şəkər olan qidalardan uzaq durmaq tövsiyə olunur. Belə xəstələr şirniyyatdan, tortdan, şirin içkilərdən, qənddən, konfetdən mürəbbədən, baldan, dondurmadan, şokoladdan, üzüm məhsullarından, manna və düyü sıyığından uzaq durmalıdırlar. Bu dietaya əməl edən ananın uşağı normal çəkidə dünyaya gəlir. Şəkərli diabet xəstələri hamiləlik zamanı gün ərzində 8 dəfə qidalanmalıdırlar və hamiləlik müddətində 8-12 kiloqramdan çox çəki artımına malik olmamalıdırlar. Şəkərli diabet xəstələrinin qidası A, B qrup, C və D vitaminləri, fol turşusu, kali-yodidlə zəngin olmalıdır.
Diabeti olan qadın hamilə qaldıqdan 2 həftə sonra qanda şəkərin miqdarı həmişəkindən daha çox artmağa başladığına görə mütləq insulin müalicəsi başlanılmalıdır. Dölün normal inkişaf edib böyüməsi üçün ana mütləq insulin terapiyasına başlamalıdır. Bu zaman iynəni eyni yerə dəfələrlə vurmaq məsləhət görülmür.
Əgər hamilə qadından yüngül formalı şəkərli diabet varsa o zaman fitoterapiya qəbul etmək mümkündür. Bu zaman şəkərsalıcı xüsusiyyətlərə malik bitki dəmləmələrindən istifadə etmək olar: 
60 qr qaragilə yarpağını bir litr qaynar suya salıb 20 dəqiqə dəmləyib 100 ml olmaqla gündə 4-5 dəfə içmək qanda şəkərin miqdarını nəzarət altında saxlayır.
5 qram toxumsuz lobya, 5 qram qaragilə yarpağı, 5 qram xırdalanmış yulaf kəpəyi, 3 qram kətan toxumu, 2 qram xırdalanmış pıtraq kökü qarışdırılaraq 600 ml qaynar suya salınıb 5 dəq qaynadılır, 20 dəqiqə dəmlənir. Bu dəmləmədən gündə 50ml olmaqla 6 dəfə qəbul etmək lazımdır. Dəmləmə 4-6 ay içilməlidir. Bu qanda şəkərin miqdarını nəzarət altına alır.
İnsulin müalicəsindən başqa şəkərli diabet xəstələrinə fiziki hərəkət etmək məsləhət görülür. Bu əzələlərdə olan qlükozanın sərfinə , qanda isə aşağı düşməsinə səbəb olur. Hamilə şəkərli diabet xəstələrinə hər gün gəzmək məsləhət görülür. Şəkəli diabet xəstələri hamiləlik zamanı qanda olan qlükozanın miqarını qlükometrlə ölçməlidirlər.
I tip şəkərli diabet xəstələri gənc yaşda mədəaltı vəzinin insulin ifraz edə bilməməsi üzündən bu xəstəliyə düçar olanlardır. Hamilələr arasında ən çox II tip şəkərli diabet xəstələrinə rast gəlinir.
II tip şəkərli diabet xəstələri 30 yaşından sonra bu xəstəliyə düçar olanlardır. Adətən bu piylənmə fonunda inkişaf edir. Bu formalı şəkərli diabet zamanı orqanlar zərər görmür. II tip şəkərli diabetdən əziyyət çəkən qadınlar hamiləliyi sona çatdıra bilirlər.
Antidiabetik maddələr(insulindən başqa) həb şəklində olur. Bu həbləri II tip şəkərli diabet xəstələri hamiləlik zamanı qəbul etdikdə dərmanlar dölə keçir və vaxtından əvvəl doğuş baş verir. Buna görə də bu həblər hamiləllik dövründə əks göstəriş sayılır.
Hamilə qadınların 4%-də yalançı şəkərli diabet müşahidə edilir. Hamiləlik müddətində meydana çıxan şəkərli diabet doğuşdan sonra keçib gedir. Bu adətən yaxın qohumlarında şəkərli diabet olan qadınlarda meydana çıxır. Öz işinin mütəxəssisi olan mama ginekoloq bunu anamnez zamanlı aşkar edə bilir( uşaqsalma, ölü uşaq dünyaya gətirmə, əvvəllər iri döl dünyaya gətirmə baş verdiyi zamanlarda). Hamiləlik zamanı qanda şəkərin miqdarı 27-32 həftədən meydana çıxmağa başlayır və doğuşdan 1-2 həftə sonra keçib gedir. Son 10-20 il ərzində qadınlarda diabetə xroniki xəstəlik kimi rast gəlmək olur. Bu zaman hamiləlik II tip şəkərli diabet xəstələrində olduğu kimi keçir. Diabetdən əziyyət çəkən qadınların təxminən 25% -i hamiləlik müddətində insulin müalicəsi alır.
Hamiləlik diabetdən əziyyət çəkən qadınların sağlamlığı üçün ciddi bir hadisədir. Bunun üçün də endokrinoloq həkimin dediyi bütün məsləhətlərə əməl olunmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik və şəkərli diabet" haqqında müzakirə