Qaynar Məqalələr

Ən-Nisa (Qadınlar) surəsi səsli (Azərbaycan dilində)

Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə “Nisa”, yəni “qadınlar” adlandırılmışdır

Ən-Nisa (Qadınlar) surəsi

(Mədinədə nazil olmuşdur, 176 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

  1. Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
  2. Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
  3. Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.
  4. Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!
  5. Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum tə’yin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.
  6. Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!
  7. Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.
  8. Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!
  9. Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!
  10. Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.
  11. Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  12. (Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!
  13. Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)!
  14. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.
  15. Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (mö’minlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!
  16. İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!
  17. Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  18. Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!
  19. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.
  20.  Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!
  21. Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.
  22. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!
  23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
  24. (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (müt’ə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  25. İçinizdən azad mö’min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mö’min (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış e’tiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəfvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
  26. Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  27. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.
  28. Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəfvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır.
  29. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!
  30. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!
  31. Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.
  32. Allahın (maddi, yaxud mə’nəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.
  33. Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər tə’yin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!
  34. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
  35. (Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!
  36. Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!
  37. O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi ne’mətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!
  38. Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
  39. Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.
  40. Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!
  41. (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid tə’yin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?
  42. O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!
  43. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
  44. (Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş oəanları (yəhudi alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?
  45. Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər!
  46. Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.
  47. Ey kitab verilmiş kimsələr! Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
  48. Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.
  49. (Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!
  50. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!
  51. (Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar mö’minlərdən daha doğru yoldadırlar”, – deyirlər.
  52. Onlar Allahın lə’nət etdiyi kimsələrdir. Allahın lə’nət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!
  53. Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.
  54. Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.
  55. Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin alovlanmış odu kifayət edər!
  56. Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!
  57. İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.
  58. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!
  59. Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.
  60. (Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər
  61. Onlara: “Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.
  62. Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək və (iddiaçılar arasında) barışıq yaratmaq istədik”, – deyərək Allaha and içəcəklər.
  63. Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında tə’sirli söz de!
  64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
  65. Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.
  66. Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı).
  67. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.
  68. Və onları düz yola yönəldərdik.
  69. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne’mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, e’tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!
  70. Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!
  71. Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!
  72. Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, – deyər.
  73. Əgər Allah tərəfindən sizə bir ne’mət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda heç bir dosluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!” (söyləyərlər).
  74. Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.
  75. (Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
  76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!
  77. (Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”
  78. Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!
  79. (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.
  80. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.
  81. (Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!
  82. Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.
  83. Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
  84. (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!
  85. Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).
  86. Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.
  87. Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!
  88. Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!
  89. Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!
  90. Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.
  91. Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.
  92. Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  93. Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!
  94. Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mö’min deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!
  95. Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.
  96. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.
  97. Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!
  98. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.
  99. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!
  100. Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!
  101. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.
  102. (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
  103. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz mö’minlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.
  104. (Kafir) qövmü tə’qib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  105. (Ya Rəsulum!) Həqiqətən, Biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!
  106. Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
  107. Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!
  108. Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.
  109. (Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?
  110. Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
  111. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!
  112. Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).
  113. (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!
  114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!
  115. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.
  116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.
  117. (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.
  118. Allah ona (Şeytana) lə’nət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
  119. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
  120. (Şeytan) onlara (müşriklərə) və’dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan və’dlər verir.
  121. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.
  122. İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan və’di üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!
  123. Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!
  124. Mö’min olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!
  125. Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din e’tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!
  126. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.
  127. (Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva (əsasında hökm çıxarılan şər’i məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!
  128. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!
  129. Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
  130. Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!
  131. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə’rif olunmağa) layiqdir.
  132. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.
  133. Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!
  134. Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!
  135. Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
  136. Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.
  137. (Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!
  138. (Ya Rəsulum!) Munafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.
  139. O münafiqlər ki, mö’minləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
  140. Allah Kitabda (Qur’anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!
  141. (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? “ – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!
  142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.
  143. (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (mö’minlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!
  144. Ey iman gətirənlər! Mö’minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?
  145. (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!
  146. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (e’tiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar mö’minlərə bərabərdirlər. Mö’minlərə isə Allah böyük mükafat verəcəkdir!
  147. Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!
  148. Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!
  149. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!
  150. Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bə’zisinə inanır, bə’zilərinə isə inanmırıq”,- deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər –
  151. Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!
  152. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
  153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın mö’cüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq mö’cüzələr) verdik.
  154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq.
  155. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” – dedikləri ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
  156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün (lə’nətə düçar oldular).
  157. (Onların lə’nətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
  158. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
  159. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
  160. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) ne’mətləri onlara haram etdik.
  161. Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!
  162. Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və mö’minləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!
  163. (Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
  164. (Biz) peyğəmbərlər (göndərdik). Onların bə’zisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bə’zisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.
  165. Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
  166. Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Qur’an) ilə şəhadət verir ki, onu (Qur’anı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!
  167. (Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.
  168. Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!
  169. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!
  170. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Qur’anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  171. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!
  172. İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!
  173. (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz ne’mətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
  174. Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Qur’an) endirdik.
  175. Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.

(Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

loading...

Məsləhət Görürük

naser_al_hussain_ibn_ali_by_has00ny-d8h04qn

Hüseyn ibni Əli (ə) Kimdir ?

     Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində …

Яндекс.Метрика

Designed by F.Aliyev