Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti

boyr-caticmazligi

Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti
Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir:
– baş ağrıları
– baş gicəllənmə
– süstlük
– ürəkbulanma
– öyümə
– qusma
– ödemlər
– pozulmuş sidik ifrazı.
Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir:
Tənəffüs orqanları:
Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir.
Ürək.
Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur.
Mədə-bağırsaq sistemi.
Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır.
Sümük-oynaq sistemi.
Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur.
Sinir sistemi.
Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir.
Dəri.
Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.

immunitet.az

loading...

Məsləhət Görürük

boyrek

Sidik ifrazının pozulmaları

Sidik ifrazının pozulmaları Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin …

Яндекс.Метрика

Designed by F.Aliyev